Həyatınızı layihələşdirin!(1)
Posted On 28 янв. 2008 г. at на 16:29 by Aygün İslamzadə
Həyatın layihəsini çəkmək və bu layihəyə uyğun həyat qurmaq o qədər də asan deyil. Adətən biz arzular qayığında elə hey üzürük, gəlib çatdığımız limanlar isə arzularımızın bizə vəd etdiklərındən çox fərqlənir. Biznes aləminin və mebel dünyasının bəxti gətirib ki, 5 yaşından həyatını planlaşdırmağa başlayıb və sonra bu planı hissə-hissə reallaşdıran İnqvar Kamprad kimi insanlar var. Kotler onu təhsilsiz olsa belə, ən bacarıqlı marketoloq adlandırır. Marketinq və biznes onun qanındadır. Özü qeyd etdiyi kimi, anası Elmxultun sayılıb-seçilən tacir nəslindəndir. Ana babası Karl Bernard Nilssonun dükanında ilk təcrübəsini toplamağa başlayan İnqvar Kamprad kibrit alveri ilə başlayıb sonralar İKEA-nın yaradıcısı kimi zirvələrə qalxmağı bacardı.
Şirkətin adı, İKEA – banisinin inisialları İ və K və onun böyüdüyü ferma Elmtaryud, kənd Aqunnaryud sözlərinin baş hərflərinin bir yerə yığılmasından əmələ gəldi. Əvvəl avtoqələm satan bu şirkət tezliklə mebel satışına başladı. 1948-ci ildə İnqvar Kamprad rəqibi Guimar Fabriker şirkətinin reklamını kənd təsərrüfatı qəzetində görüb, özü də bu yolla getmək qərarına gəldi. O, xatirələrində reklamın belə böyük qüvvəyə malik olduğu haqda əvvəllər şübhələnmədiyi bildirir. Bu kiçicik reklamın gətirdiyi uğuru möhkəmlətmək üçün “İKEA xəbərləri” adında buklet çap olunub paylanmağa başlandı. Şirkətin böyüməyə ehtiyacı var idi və İnqvar bunun öhdəsindən çox gözəl gəlirdi.
İKEA xəbərləri broşürünü bu dəfə bir az başqa ampluada çap etdilər. Kənd camaatına - baxın, siz əti satırsınız 1 krona, amma dükanda həmin əti beş və ya altı krona verirlər, biz sizə mebeli ən ucuz qiymətə verərik, sözləri yaman təsir etmişdi. Satışlar günü-gündən artır, bu zəmində rəqabət də kəskinləşirdi. Rəqibləri ilə mübarizədə qiymətləri tamam ucuzlaşdırmağına baxmayaraq İnqvar Kamprad keyfiyyət ünsürunə də önəm verirdi və o, dükan açmaq, bütün mallara insanların rahat baxa bilməsini təmin etmək qərarına gəldi. Müasir dünya üçün dükansız ticarət qeydi-adi görünə bilər, baxmayaraq ki, internet-satış indi çox dəbdədir. Amma 1952-ci ildə hər kəsin belə imkanı yox idi, bir qədər keçdikdən sonra dükan genişləndirildi, onun açılışı təşkil olundu. Açılışa gələn hər bir adama qəhvə və kökə verilirdi, sonradan bu dükan üçün qaydaya çevrildi. Bu qayda isə özlüyündə İnqvar Kampradın restoranlar şəbəkəsinin əsasını qoydu. Elmxult İKEA-nın sayəsində İsveçin görkəmli yerlərindən birinə çevrildi. Ucuz mebel, dükanda təklif olunan nahar və alış-veriş edən hər kəs üçün dəmiryolu biletlərinə verilən endirim qəbzləri isveç əhalisini bura yığmaq üçün yaxşı düşünülmüşdü. Milanda sərgidə iştirak edərkən, bir iş adamının İnqvara göstərdiyi şəkillər İKEA-nın işində əsas konsepsiyalardan birinin doğulması üçün təkan rolunu oynadı. Şəkildə sadə, fəhlə italyanların bərbad mebellərini görən İnqvar Kamprad rahat qablaşdırıla biləcək və rahat sokülüb-yığılacaq mebel istehsalının vacib olduğunu qərara aldı.
Yazımdan bir xeyli əvvəl Bertil Torekulun İkea haqqında saqa əsərini oxumuşdum. Kitab məndə çox xoş və dərin iz buraxdı. Hər nə qədər bir kitab bir insanın həyatını ifadə etmək üçün az olsa da, o kitabın vasitəsilə uğurlu iş adamı olub, eyni zamanda sentimental və ürəyiaçıq biri olmağın mümkün olduğunu gördüm. Mən bir kitabı bir yazıya sığdırmaq fikrində deyildim, təkcə marketinq baxımından ən vacib anları qeyd etmək istəyirdim. Amma indi görürəm ki, heç bu da mümkün olmayacaq. Yazımı hissələrə bölüb qalanını sabaha saxlayıram.
Bu da rusca Ikea haqqında saqa kitabı.
Məzəli bənzətmələr (şərhlərin təhlili)
Posted On 16 янв. 2008 г. at на 23:53 by Aygün İslamzadəCəfər Cabbarlıdan ən sevdiyi əsəri hansıdır deyə soruşanda “Dönüş” cavabını almışdılar. Səbəb kimi o, bu əsərinin ən zəif olduğunu və ana zəif balasını o birilərindən artıq sevdiyi kimi onun da bu əsərə xüsusi hisslər bəslədiyini göstərmişdi. Mən də onun kimi ən zəif balamı – Qorxunc PR-ı sevirəm. Yazımın aydın olmadığını şərhlərdən və apardığım kiçik search-dən müəyyənləşdirsəm də hər sözünü qırt toyuq cücəsini qoruduğu kimi qorumağa və arxasında durmağa hazıram.
Qırt toyuq da ağlıma hardan gəldi.. Əslində yazıma başlamamışdan özümə söz vermişdim ki, hər cür bənzətmə və mürəkkəblikdən uzaq olacam. Daha anlaşıqlı və sadə dildə yazmağa çalışacam, Oqilvinin məsləhətini dinləmiş kimi 10-12 sözdən uzun cümlələr də qurmayacam. Amma indi düşünürəm ki, hər halda normal yazıdan fərqlənən şərhlərin təhlilində bir az ağını çıxartsam belə yeri var, yazımın adını da dəyişdirdim. Bu yazı bənzətmədən bol olacaq.
Şərhlərdə toxunduğumuz nöqtələrdən biri propaqanda, pablisiti və PR-ın fərqləri idi. Bu mövzuda uzun-uzadı mübahisələr etmək olar, hər müəllif bu məsələyə o qədər fərqli baxışlar sərgiləyib ki, mənim hər-hansı bir fikrimə əks fikir tapacağınıza şübhə belə etməyin.
Propaqanda, yəni təbliğat (bundan sonra belə də adlandıracam) əlbəttə ki, çox geniş məfhumdur. Təbliğat deyəndə insanların baxışlarına, dəyərlərinə, inanclarına təsir nəzərdə tutulur, yəni o, insan ideologiyasını dəyişmək qüvvəsinə malikdir. Bəzi müəlliflər təbliğatı PR-la eyniləşdirir, bəziləri isə PR-ı daha yüngül hesab edirlər. Belə ki, onların fikrincə PR-ın missiyası kiminsə ideologiyasını dəyişmək deyil, sadəcə özünə tərəfdaş tapmaqdır. Bu fikirlərlə razılaşıram, amma düşünürəm ki, PR-ın təbliğatla kəsişdiyi nöqtələr də var və hətta birləşdiyi nöqtələr də. Təbliğatı isə PR-ın və pablisitinin anası hesab edirəm. Gəlin, bir başqa tərəfdən baxaq, təbliğatın meydana gəlməsinə ilk nümunə kimi eramızdan əvvəl qədim yunan carçılarının dövlət qanunlarını kücələrdə bağırmasını göstərirlər. İndi bunun PR-dan nə fərqi olduğunu kimsə çıxsın və mənə başa salsın.
Keçirəm bənzətməyə. Bəlkə də indi sizə əlaqəsiz görünəcək, amma təbliğatı gəmiricilər fəsiləsinə bənzədək.
Növbə çatdı pablisitiyə, doğma dilimizdə buna ad qoyan ya tapılmayıb, ya da mənə rast gəlməyib. Mənim etdiyim tərcümə də bir az axsadı, aşkar olma və ya açığa çıxma. Pablisiti şərhlərdə də bildirdiyim kimi, hər hansı bir hərəkətə şövq elətdirmək üçün kütləyə təsir metodudur. Yəni elə həmin təbliğat, amma kommersiya məqsədilə. 1984-cü ildə Ceyms Qryuniq və Tom Xank PR modellərinin sxemini çəkdiklərində birinci modeli pablisiti adlandırmışlar və bu mərhələdə PR təbliğat rolunu oynayır, yəni birtərəfli kommunikasiyanı nəzərdə tutur deyə ona tərif vermişlər. Məncə bunu bir az daha uzatmağın mənası qalmadı. Pablisitini isə siçovula bənzədək. Bu bənzətmə mənə lap ləzzət elədi, kommersiya və siçovul..Düyməcikdəki siçovul obrazını xatırlatdı lap. Amma belə bir əlaqələndirmə əsl məqsədim deyil.
PR....Uzun-uzun danışacağım nöqtəyə də çatdıq. Birincisi, keçən yazıma aydınlıq gətirim, mən vəhabilik, radikal şiəliyi və s. PR obyekti kimi qələmə verməmişəm, ən azından ona görə ki, bunun üçün kifayət qədər məlumatım yoxdur. Mənim verdiyim nümunə ANS-in, yəni kütləvi informasiya vasitələrindən birinin apardığı Qəhvəyi PR siyasətidir.
İkincisi, PR-ın xoş məqsədlə edilməsi fikrini qəbul edə bilmirəm, bir tərif kimi xoş imic yaratmaq məqsədilə sözlərinə rast gəlmişəm, amma bu heç də o demək deyil ki, xoş imic hər zaman xoş məqsədlə yaradılır. İnanıram ki, çoxlarımız həyat təcrübəmizdə dəfələrlə bunun şahidi olmuşuq.
O ki qaldı boyamaq məsələsinə, mənim bunu etməyə səlahiyyətim çatmır, bunu edənlər olub və bir-birimizə inanmayıb search aparsaq, həm rus dilində, həm ingilis dilində sarı, yaşıl, boz və s. PR haqqında məlumat tapa bilərsiniz. Bircə, qəhvəyi PR haqqında ingiliscə məlumat tapmaq müşküldür. Bİr az daha dərinə getməyinizi məsləhət görürəm. Onda bəzi məqamlar daha da aydınlaşacaq.
PR-ıda bənzədək siçana.. Siçan.. dağ siçanı, çöl siçanı, su siçanı.. Hərəsi neçə il yaşayır, mayalanma dövrü nə vaxtdır, neçə bala verir görəsən. Ola bilsin, sizə maraqlı deyil, amma həmin növü araşdırmaqla məşğul olan bir zooloq üçün bu həyatı qədər vacib ola bilər. Qarışqalar üzrə mütəxəssisləşmiş bir yapon aliminin ilk dəfə birinci yumurtadan çıxan qarışqanın ikincinin çıxmasına kömək etməsini görəndə ağladığı kimi bəlkə hardasa bir çöl siçanına görə kimlərinsə gözü yaşarır. Eyni adamın dağ siçanına isə tam bir laqeydliyi var.
Və ya bir müəllimə uşaqlara dərs başa salarkən, bir şəkildəki ağli-qaralı, xoşagəlimli heyvanın dağ siçanı və o biri şəkildəki çirkin, qəhvəyi heyvanın çöl siçanı olduğunu söyləməklə bu siçankimilərin daha yaxşı öyrənilməsi üçün şərait yaradır.
Bu cümləni yazmaq istəmirdim, amma məcburam. Sonra birdən kimsə sual verər ki, siçanların mətləbə nə dəxli?
Siçanlardan ona görə yazdım ki, PR-ın niyə rənglənməsini az da olsa başa düşəsiniz. Mənim bu boyama işini etməyə dediyim kimi iqtidarım çatmazdı, amma inanın ki, bunu etməmiş olsaydılar və mənə belə imkan verilsəydi, PR-ın bir elm sahəsi kimi daha yaxşı öyrənilməsi üçün bunu edərdim.
Burada Molla Nəsrəddin kimi başa düşənlər başa düşməyənlərə anlatsın deyib, məclisi, yəni bloqu tərk edirəm. Amma ki, dönmək şərtilə. Şərhlərinizi gözləyirəm, tənqidlərinizi də həmçinin. Amma şimaldan cənuba doğru əsən xəzridən özünüzü qoruyun.
Qorxunc PR
Posted On 10 янв. 2008 г. at на 16:06 by Aygün İslamzadəİndi əvəzinə başqaları verir qərar…
Sənin yerinə düşünən düşmənlərin var.
Qarnını ağrıyla,
Beynini yalanla doldurdular.
(bu sətirlər yazıma ideal başlanğıcdır, yeni və gələcəyinə çox ümid bəslədiyim bloqdan götürülub)
Yenə də PR.. Bu Pr dediyimiz məfhum qanımıza, canımıza elə işləyib ki, hər eşitdiyimiz sözdə, hər baxdıgımız yerdə ondan bir parça görə bilərik. Məsələn bir az əvvəl bloqdan sətirlər və bloqu qeyd etməm də gözəl bir PR nümunəsidir. Pr-ın rəngləri barədə bir yazımı oxumuşdunuz. İndisə ən qorxunc Pr-dan söhbət açacam. Düşünürəm ki, heç kəsin ağlına gəlmir ki, söhbət Süleyman Sani Axundovun “qorxulu nağıllar” seriyasından gedir. Hərçənd mən körpə uşaga hər hansı bir qorxulu nağıl oxumağın əleyhinəyəm, amma bu günlük o nağıllara toxunmayacam. Bəziləriniz isə elə düşünəcəksiniz ki, mən yenə də qara pr-dan yazacam. Qara pr-da qorxulu nəsə var, buna söz yox. Amma bir və ya bir-neçə PR üzrə bacarıqlı mütəxəssis bir yerə yığılsa istənilən qara PR-ı ya tamamilə yox edə, ya da ən azından yumşalda, yəni bozarda bilər. Əsas qorxulu olan beyinyumaq və insanlardan zombi düzəltmək gücündə olan qəhvəyi PR-dır. Pr-ın bu növü haqqında yenə də məlumat verim, qəhvəyi PR neofaşizm və faşizm təbliğatına bənzər ideyaların yayılmasıdır. Bu sıraya radikal millətçilik, hər hansı bir sektanın təbliğatı və ya siyasi ideyaların bir qədər fərqli rakursdan insan beyninə yeridilməsi aiddir. Həqiqətdə bu sıraladıqlarımın bir-birilə əlaqəsi o qədər sıx və eyni zamanda gizli olur ki, bizim kimi normal adamlar ən çoxu şübhələnməyə qadir oluruq. Qəhvəyi PR polittexnoloqların ən sevdiyi üsullardan biridir, bir düşünün, bütün sosioloji və neyroloji amilləri işə salıb, insan beynində yeni reallığa keçid yaratmaq.. Bundan cazib nə ola bilər?
Bəs bu reallığa keçənlər... Beyinlərinin yuyulduğunu, onlardan kiminsə öz məqsədlərinin uğruna zombi düzəltdiyinin fərqinə necə vara bilərlər?? Kim onlara bu reallığın nələrə arxalandığını bildirəcək? Paolo Koelyonun “11 dəqiqə”sində mazoxizm uçurumuna yuvarlanan Mariyanın daşlar üstündə gəzdirilib, ağrıdan sonra boşluq olduğu göstərilən kimi bu idealların da sonrasında sadəcə bir boşluqla üzləşəcəklərini kim göstərəcək?
Bu yazını yazmağa qərar verərkən nümunələrim çox idi və çətin seçim qarşısında qalmışdım. Skinheadlərin Putin tərəfindən dəstəklənməsi, vəhhabilərin dini özünəməxsus qavraması və yayması, masonlar haqda nagıllar, bəlkə də gerçəklər və daha nələr.. Psixoloq Kerol Muqun seçim etmək zərurəti insan beyninə ziyandır, onu infantilləşdirir sözləri yadıma düşdü. Bu zərurətdən tezliklə yaxa qurtarmaq ümidindəykən burnuma əvvəllər də hiss etmiş olduğum bir təhlükənin qoxusu gəldi. ANS-in adlı-sanlı jurnalistlərindən birinin İran və şiələrdən danışması diqqətimi cəlb etdi. Üstəlik bir neçə ay əvvəl həmin kanalda efirə buraxılmış və indiyə qədər davam edən dini serialı da mənə xatırlatdı. “Eşq vilayəti” serialı əsl radikal şiəliyin rəmzinə bənzəyir və beyin yumaq üçün ideal vasitədir. Burada işinin ustası Vüsal Məmmədovdan misal gətirmək istəyirəm: Azərbaycanda radikal şiələrin əksəriyyəti elə bir şəkildə İranın mənəvi təsiri altındadırlar ki, onların çoxunu öz dövlətlərinə qarşı çevirmək həmin ölkənin emissarları üçün xüsusi çətinlik yaratmır. Mən özüm o tip insanlarla söhbət edərkən onların beynindəki zəhərin “dozasına” həmişə heyrət etmişəm..Bu yazını tam oxumağınızı məsləhət görürəm, bütün mənim qeyd etmədiyim nyuanslara orda rast gələ bilərsiniz.
İraqdan danışarkən yeri gəldi-gəlmədi “şiə” sözünü vurğulayan və şiə sünni məzhəbinin qütbləşməsini göz dağı kimi ortalığa qoyan ANS aparıcıları hələ də bunun özündə necə təhlükə daşıya biləcəyinin fərqinə varmırlar. Ən əsası bu təbliğatın, yəni qəhvəyi PR-ın təsadüf və ya təhlükəni tam surətdə anlamamağın nəticəsi kimi görə bilmirəm. Bu bir qeyzerdir ki, hardasa dərinlikdə qaynaqlanır, sonra üzə çıxır. Əsas sual isə burda əmələ gəlir.. Bu qaynaqlanma hardan irəli gəlir?
Google vs. Wikipedia
Posted On 8 янв. 2008 г. at на 12:27 by Aygün İslamzadə
Bəli, bəli.. Səhv deyil bu. Google və Wikipedia artiq bir-birinə rəqib olacaqlar. Bu başlığı özüm yazmasaydım, yəqin bir xeyli təəccüblənərdim. Həmişə google search-un səhifələrində relevantlığına görə birinci yerdə görməyə alışdığımız Wikipedia necə onun rəqibinə çevrilə bilər?
Səbəb isə birdir: inkişaf və yenilənmə. Bu inkişaf prosesinə start verən Wikipedia artıq 14 milyon dollar investisiya sərf olunan Wikia Search – u alfa test etmək üçün istifadəyə buraxdı. Sıralanma alqoritmini sirr saxlayan Google-dan fərqli olaraq Wikia Search-un daha şəffaf işləyəcəyi haqqında məlumat verilir. Yaxın zamanda 50-100 milyon indekslənmiş internet səhifələrini onun köməyilə tapmaq mümkün olacaq. Wikipedianın yaradıcılarından Cimmi Uels (Jimmy Wales) yaxın illərdə Wikiadan Google nəticələrini gözləmədiyini söyləyib.
Təxminən eyni günlərdə Google da yeni proyektini beta sınaq üçün hazırlayıb. Düşünürəm ki, Wikipedianın analoqu olacaq Google Knol çox tez məşhurlaşaraq, onu kölgədə qoyacaq. Hələ ancaq dəvətlilərin istifadə etdiyi bu ensiklopediyanın üstünlükləri artıq dillərdə dolaşır. Adi insanların yazısı üçün açıq olacaq ensiklopediya üzərində eyni zamanda ekspertlər də işləyəcək və hətta hal-hazırda işləyirlər. Bundan əlavə, yazılar üçün pul ödənilməsi qərara alınıb, yəni reklamdan bir-neçə %. Həm də müəlliflər öz reklamlarını da yerləşdirmək imkanına malik olacaqlar. Bu da o deməkdir ki, yazılar nə qədər keyfiyyətli olarsa, müəlliflərin qazanmaq imkanı daha da artıq olacaq. Beləliklə, bu öz-özünə tənzimlənən sistem Google search-də Wikipedia-nın səhifələrini sıxışdırmaqla ona əsl meydan oxuyacaq. Knolda Web 2.0 texnologiyasına əsaslanan alətlər yazılara şərh və suallar vermək üçün nəzərdə tutulub, Wikipedia ilə müqayisədə daha rahat redaktə etmək və yazıları uzatmaq imkanı da sözsüz ki, müəlliflərin rəğbətini qazanacaq. Ən əsası isə müəlliflər puldan əlavə tanınmaq imkanına malik olacaqlar. Nümunə kimi göstərilən skrinşota fikir versəniz, orda müəllifin ad və soyadı, eyni zamanda harada işlədiyi belə qeyd olunub. Bu yerdə ağlıma sevdiyim filmlərdən biri “Şeytanın vəkili”ndə Al Paçinonun məharətlə ifa etdiyi şeytanın sözləri gəldi: İnsanlarda ən sevdiyim zəif cəhət onların şöhrətpərəstliyidir. Google Knol uğuru burada yaxaladı..Çətin əldən verə..
Son olaraq qeyd etmək istəyirəm ki, Wikia – havay sözü wikidən göturülüb, mənası çevik deməkdir. Knol isə ingilislərin knowledge – bilik sözünün qısaldılmış və şirinləşdirilmiş formasıdır.
Ecazkar səma
Posted On 7 янв. 2008 г. at на 17:09 by Aygün İslamzadə
Hörmətli Bakı əhli, dünən unutsam da bu gün qərara gəldim ki, sizi birinci qar münasibətilə təbrik edim. Qara sevinənlərimiz də var, sevinməyənlərimiz də. Bəzilərimizin normal rejiminə mane olsa da, qarın özü ilə bir az sevinc, bir az da romantik əhval-ruhiyyə gətirməyi danılmazdır. Uşaqlıqda qar yağarkən onu seyr edirdim, bu ağappaq, havada rəqs edən və barmaq izləri kimi bir-birindən fərqlənən unikal qar dənəcikləri məni valeh edirdi və düşünürdüm ki, ola bilməz qar boş-boşuna yağsın, yəqin səma nəsə demək istəyir. Uşaq fantaziyası nələri uydurmağa hazır deyil..:) İndi elə bil azacıq böyümüşəm, amma göy üzünün özünəməxsus mistikası məni hələ də heyran etməyə qadirdir. Qar, yağış, ildırım, ulduzlar.., astronomiya, astrologiya.. Sonuncu sübut edir ki, səmanın mistik təsirini hiss edən tək mən olmamışam, qədim Yunanıstan, Misir, Roma da onun təsiri altına düşüb və bəşəriyyətə astrologiya kimi elmi töhfə ediblər. Amma siyahı burada bitmir. Səmanın ecazkarlığından bəhrələnənlər çoxdur. Məsələn, elə 1911-ci ildən fəaliyyətə başlayan Mars İnc. şirkətinə bu planetin adının uğur gətirməsi şübhəsizdir, əks halda 115 fabriki və 213 ofisi ilə dünyanın 65 ölkəsində özünə yer qazanmazdı. Bir nümunə isə yaxın gələcəkdə çox transmilli korporasiyalara tay ola bilecek və hətta ötəcək qonşu Türkiyənin Ülker şirkətidir. Ülkər isə bildiyimiz kimi səpələnmiş ulduzlar topasıdır, bir sözlə bu şirkətə həmin ulduzdan bir deyil, bir topası qismət olub( Buğa bürcünün bir hissəsini təşkil edir, 9 dənə yerdən görülə biləcək ulduzu var) və onun həmin ulduzlar kimi parlaq gələcəyinə inanıram. Belə baxanda, Ülker şirkəti hal-hazırda tək Türkiyədə deyil, çox yerdə ad qazanıb. İndi keçim xəbərimizə.. Həmin bu Ülker Belçikanın premium şokolad brendi Godivanı 850 milyon dollara alıb. Bu brendin əvvəlki sahibi Campbell Soup daha sadə məhsullar istehsal etmək fikrində olduğunu bildirərək dekabrın 20-də 2007-ci ildə Ülkerlə müqavilə imzalayıb. 80-illik tarixçəsi olan Godivaya sahibkarlıq etmək bu şirkətin Ülker Biscuit-Chocolate-Cake Group bölməsinin genişləndirilməsindən əlavə, Türkiyə malının yüksək keyfiyyətinin dünyaya tanınması üçün qapı rolunu oynayacaq. Beləliklə, uşaqlıqdan pərəstiş etdiyim Ülker şirkətini (xüsusən də antepfıstıklı çikolata, yəni püstəli şokoladına laqeyd deyiləm heç:) öz biznesini qloballaşdırması münasibətilə təbrik edirəm.
Bir də bir sualım var. Niyə Ülkər ulduz topasının ən parlaq ulduzu Alsiona ola-ola şirkət belə adda məhsul istehsal etmir? Heyif ki, sualım cavabsız qalacaq.
Ford çökür
Posted On at на 02:30 by Aygün İslamzadə
Sabitlik və dəyişgənlik... Əslinə qalsa, müəyyən anlamda antonim olsalar da, biz bunları bir araya gətirməyi, lazımi vəziyyətdə bunlardan hansını seçəcəyimizi bilməliyik. Məsələn sevgi münasibətlərində qadının sabitliyi nə qədər önəmlidirsə, xarici görkəmində ara-sıra dəyişiklik etməsi də eyni qədər vacibdir.Düzü bəzən bu tip dəyişikliklər heç də ürəkaçan nəticə vermir.
Əslində bu söhbəti hərləyib onun üstünə gətirmək istəyirdim ki, bloqumda dəyişiklik etmək istəyirəm və bilmirəm ki, bu dəyişiklik nə dərəcədə məqsədəuyğun olacaq. Amma birdən söhbəti uzatmaqdan vaz keçdim, körpəm ( bilməyənlərin, daha dəqiq desəm əvvəki yazıları oxumayanların nəzərinə, körpəm dediyim mənim bloqumdur) və mən dəyişmək qərarına gəldik və bura iki bölmə əlavə etdik: brandnews və brandhistory. Kiməsə bu yazılar light və ya adi jurnal səhifəsindən bir parça kimi görünə bilər, amma şəxsən mənə bu tip məlumatlar, məsələn Samsung sözünün tərcüməsinin “Üç ulduz” olması və ya elə həmin adda şirkətin qurudulmuş meyvə və tərəvəz satmaqla işə başlaması çox maraqlıdır. Həm də ki, müxtəlif şirkətlərin biznes və marketinq strategiyaları ilə tanışlıq gələcəkdə hər birimizə kömək ola bilər. Əslinə qalsa, rus və ya başqa dillərdə bu məlumatları tapmaq mümkündür. İstəyirəm bu məlumatlar doğma dilimizdə də olsun, yəni Azərbaycan netinin az da olsa inkişaf etməsində bir çimdik də mənim duzum olsun. Bu səbəbdən kim nə deyir desin, bu bölmələr olacaq və Allahın yardımı ilə mənim normal yazılarımdan daha tez-tez yenilənəcək.
Başladıq.. Dünən Kotlerin kitablarından birini oxuyarkən, əslində buna oxumaq demək günahdır, vərəqləyərkən onun heyranlıqla İsveçrə brendlərindən yazmasına, bu arada Hindistan kimi iri ölkənin heç bir məşhur brendi olmadığı haqqında qeyd fikrimi cəlb etdi. Heyf ki, Kotler mənim dilimi bilmir, amma yenə də buradan ona bir ismarış yollayıram, artıq Hindistanın da məşhur brendləri var, özü yaratmamış olsa da bu brendlərə iki milyard dollar xərc çəkib. Beləliklə, Jaguar və Land Rover brendləri bu ildən etibarən sahibini dəyişdi. Artıq onlar Forda deyil, Hindistanın 98 ayrı sektorda fəaliyyət göstərən Tata group şirkətinə məxsusdur. Qəribəsi və maraqla gözlədiyim budur ki, ultraucuz maşın istehsalı ilə məşğul olan Tata motors Land Rover və Jaguar üçün hansı marketinq strategiyasını hazırlayıb və bu strategiya nə dərəcədə uğurlu olacaq. Bir sözlə, yaxın bir-neçə ildə diqqətimin yönəlmə mərkəzlərindən birinin də hansı şirkət və brendlər olduğu ilin əvvəlindən aşkarlandı. Yeri gəlmişkən deyim ki, bu brendlərə sahiblənmək istəyən üç şirkətdən ikisi Hindistanın idi. Bu Hindistan iqtisadiyyatının inkişafının ən bariz nümunəsidir.
1903-cü ildən fəaliyyətə başlayan Ford-un bu vəziyyətə gəlməsi isə məni üzdü. Lyuks maşınlar seriyasından ancaq Volvo-ya sahibliyin qoruyan Ford çox güman ki, tezliklə ondan da vaz keçməli olacaq. Mazda və Ford brendləri ilə qalan bu şirkətə gələcək biznes həyatında özünü toplamağı arzu edirəm və onun haqqında nisbətən səthi məlumat verdiyimçün uzr istəyirəm, gələcəkdə isə Ford şirkətinin uğurlarını və uğursuzluqlarını brandhistory bölməsində müzakirə edərik.
Zövqümü oxşayan rəqabət
Posted On 1 янв. 2008 г. at на 03:48 by Aygün İslamzadə
Bloqumun oxucularını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edirəm. Əksəriyyətinizi bir-bir təbrik etdiyimdən banal təbrik sözlərini yenidən təkrar etmək əvəzinə mətləbə keçmək istəyirəm. Mətləb isə bundan ibarətdir ki, bu Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd olunması mənim çox xoşuma gəlir. Bu gözəl bayram Dünya Azərbaycanlılarının birlik və vətən anlayışının formalaşmasına şübhəsiz ki, çox müsbət təsir edir. Amma əmmasız keçinmək çətindir və əsas əmma qoyanlardan biri kimi deyə bilərəm ki, bu bayramın 31 dekabr, yəni ilin son günü - gələcək ilin həvəslə qarşılandığı bir günə nə adla salındığını şüurum qəbul edə bilmir. Düşünürəm ki, bu günün yeni ilin gəlişi ilə üst-üstə düşməsi əslində onun daha zəif qeyd olunmasına, bir növ kölgədə qalmasına səbəb olur. Düzdür ki, adı formal olaraq çox hallanır, kim yeni ili təbrik etmək istəyirsə yanına bu bayramı da qoşur, amma həyatının bir ilini də yola salmaq münasibətilə həyəcənlanmış ürək və emosiyalar piki yaşayan beyin Həmrəylik gününü nə dərəcədə özünə yaxın buraxır? Ola bilsin ki, bu ideya heç də təsadüfən yaranmayıb, məqsəd o olub ki, bu bayram daha da təmtəraqla qeyd olunsun, amma xaricdə yaşayan həmyerlilərimizin Həmrəylik gününü 26-30 dekabr arası qeyd etməsini nəzərə alsaq bir sual meydana çıxır. Bu malı malı qatmaq və ya marketinq dili ilə desək kobrendinq lazim idimi?
Əslinə qalsa, yazmaq istədiyim elə kobrendinq mövzusu idi. Kobrendinq müştəri loyallığı proqramlarından biridir. Bütün loyallıq proqramları kimi o da istehlakçı ilə sabit, uzunmüddətli münasibətlərin formalaşması üçün nəzərdə tutulub. Bu hər hansı bir ticarət markasının müştəri uğrunda mübarizəsində özünə tərəfdaş axtarmağının nəticəsidir. Əlbəttə ki, güclərini birləşdirən iki brend rəqibə qarşı daha dözümlü olmalıdır. Amma bayaqkı əmmasız burda da keçinmək mümkün deyil. Müştərək mövqeləşmənin sinergetik effekti bunların bir-birinin təsirini gücləndirməsindən və ya əksinə azaltmasından birbaşa asılıdır. Əgər brendlərdən biri yeni doğulmuş, digəri isə insan beyinlərində özünə kifayət qədər yer qazanmışsa, zəifin güclünün təsirilə həll olub yoxa çıxmaq riski çox böyükdür. Necə ki, özünə müəyyən dərəcədə formal ad saxlayan Həmrəylik günü öz layiqli yerini Yeni ilə görə tuta bilmir, zəif brend də özünəməxsus pozisiyalaşmadan uzaq qalır və tədricən unudulmağa məhkum olur. Və yaxud kobrendinqləşmiş iki məhsuldan biri zəngin auditoriya üçün, digəri isə gənclər üçün nəzərdə tutulubsa bu birgə işdən müsbət nəticə alinmaması heç də qeyri-adi olmaz.
Amma uğurlu kobrendinq nümunələri də az deyil. Hal-hazırda əlimin altında olan və mənim üçün hava ilə sudan cəmi bir damcı az əhəmiyyəti olan Acer Ferraridən yazmaq istəyirəm. İlk baxışdan al rənginə aşiq olduğum Acer Ferrari açılışında Windows-un standart səsi əvəzinə Ferrari motorunun səsi ilə məni şoka salmışdı. İndi isə bu səs olmadan günümü təsəvvür edə bilmirəm. Bazara təzə çıxanda bu model öz dəyərindən 70%, onunla rəqabət nəticəsində meydana gəlmiş Asus Lamborghini isə 65% bahasına satılırdı. İnsanlara bu innovasiyaların qiyməti deyil, onların hiss elətdirdiyi dəyər maraqlı idi və qəribəsi bundadır ki, Asus Lamborghininin bazara gəldiyi vaxtı artıq ucuzlaşmış və əlçatmazlığının azaldığı Acer Ferrari ona olan tələbatın azalmasında rol oynaya bilmədi. İnsanlar defisit Asus Lamborghinini axtarır və ona sahib olmaq imkanını əldən vermək istəmirdilər. Asus əvvəldə Avropa informasiya texnologiyaları bazarında çox da məşhur olmasa belə, sonradan ağıllı marketinq siyasəti yeridərək öküzlə bəzədilmiş məhsulunun uğurla irəliləməsinə yol açır.
Portativ kompyuterlərin və maşınların birliyi atlarla və öküzlərlə bitmir, hal-hazırda Sony Vaio noutbukları ilə təchiz olunmuş BMW avtomobilləri kobrendinq üçün ən yaxşı nümunələrdən biridir. Gələcəkdə isə Fujitsu Siemens Computerslə 4 üzüyün hökmranı Audinin və ya Toyotanın iş birliyi ola bilər. Başa düşdüyüm qədər, bu mövzuda verdiyim şəkildəki noutbuk sadəcə kiminsə təxəyyülünün nəticəsidir.
Zövqümü oxşayan noutbuklara baxdıqca düşünürəm ki, rəqabəti də zövqlə etmək gərəkir.