Dünyanın ən kiçik marketinq planı
Posted On 30 нояб. 2007 г. at на 15:42 by Aygün İslamzadəSon günlər marketinq planı yazmaq məqsədilə bu işi dərindən araşdırmaga başladım və internetdə bu haqda o qədər informasiya tapdım ki, hansını oxuyum, hardan başlayım, harasında qurtarım deyə çaşıb qalırdım. Amma bir bloqda dünyanın ən kiçik marketinq planı adı altında verilmiş cədvəl diqqətimi çəkdi. Onu tərcümə etdim, kiməsə istifadədə çox rahat və asan başa gələn marketinq plan şablonu lazım gəlsə baxa bilər:
World's shortest marketing plan
BAKUTEL-də Crazy pr… Yeri idi?
Posted On 27 нояб. 2007 г. at на 10:54 by Aygün İslamzadə“Mountain Dew”-unun ayağı Pepsicoya düşmədiyi kimi, mənim bloquma da düşmədi. Həftələrlə mənə yazı yazmaq qismət olmadı. Amma dedim ki, bu gün bloqun bəxtini açım.
Əvvəlki yazılarımın birinin başlığı belə idi, pr-ın ağını da sevirem, qarasını da. Dəlisinə isə həsəd aparıram.
Daha həsəd aparmıram. Çünki, bizim uşaqlarla birgə Bakuteldə bunu tətbiq elədik. Amma ki, deyə bilərəm ki, iki səbəbdən bu Crazy Pr-ımız uğursuz alındı. Birincisi, mən ayaq altında qaldım, hər cür nəticəni fikrimə gətirmişdim, amma bir nömrədən ötrü bu cür reaksiya gözləmirdim. İkincisi, bu hadisə haqqında heç kimin danişmayacağını ağlıma belə gətirmirdim.
İndi isə daha ətraflı. Stendimiz çoxlarının gördüyü kimi şarlardan ibarət idi. Demək olar ki, axirinci saatda ekspromt şəkildə bir dəyişiklik edib, sərgini nisbətən maraqli şəkildə sonlaşdırmaq istədik. Üç şarın içinə bizim tariflərin adlarını yazıb atdıq, burada bir haşiyə çıxmaq istəyirəm- tariflərin adını yazıb qoymaq əla ideya idi, yəni N sayda tariflərdən hansıların adları qoyulduğunu heç kim bilə bilməzdi, ancaq biz.Bu da o deməkdir ki, heç kim başqa kağız gətirib udduğunu iddia edə bilməzdi. Sonra isə anons verib, camaatı çağırdıq. Şarları partladib içindən tarif adlarını tapana nömrə verəcəyik deyə elan etdik. Şarları yerə boşaltmamiş camaat hücum elədi, security məni güclə qorudu, stend nəəcəbsə tab gətirdi və aşmadı. Bu qarmaqarışıqda başımın üstündəki Azercell işçilərinin necə bu hadisəyə tamaşa etdiyini və güldüklərini görürdüm. Əslində onların reklamda etdiklərini mən real həyatda bacarmışdım. Prosess bitdi, tarif adlarının üçü də tapıldı. Emosiya və hisslərin pikini yaşadığımı deyə bilərəm, əvvəl utanc, sonra sadəcə gülmək istəyirdim, sonra isə fəxr hissi keçirdirdim. Ən azından illər keçsə belə, həyatımda özümün özümə gülə biləcəyim bəzi hadisələrin olmağı məni sevindirir. Bəlkə də ele buna görə marketinqdəyəm, hər gün eyni formal işləri görməkdən qorxduğum və qaçdığım üçün.
Sonda xüsusi təşəkkürlər bölməsinə keçim. Təşəkkür edirəm bizim Araza, həm bütün işdə köməyinə, həm də orijinal ideyalarına görə (tarif adları yazmaq da onun fikri olmuşdu), Anara – Bakuteldə baş nəzarətçiyə, həqiqətən məni qorumaq üçün bir xeyli əziyyət çəkdi.
Bir də stendimizə, yıxılıb BTRİB-in də stendini dağıtmadı deyə. :)
Do the DEW!
Posted On 7 нояб. 2007 г. at на 14:31 by Aygün İslamzadəOndan başlayım ki, mən nə “Pepsico” nun pr meneceriyəm, ne de krizis menecmentində çalışanlardanam. Sadəcə, “Mountain Dew”- unun bizim ölkədəki gələcəyi üçün narahat olanlardan biriyəm. Bu alkoqolsuz içki ilə yaxından tanışlığım bir-neçə gün əvvələ təsadüf edir. Daddırma aksiyası zamanı mən də dadına baxdım və özümdə heç bir zəhərlənmə işarəti sezmədim, üstəlik dadını da çox bəyəndim. Amma qiyabi olaraq tanışlığım bir xeyli vaxtdır ki, var. Çox sevdiyim “Positioning – battle for your mind” kitabında “Pepsico”-nun “Mountain Dew”-nu bazara çıxaranda güclü "positioning" siyasəti işlətdiyi haqqında oxumuşdum. Bu tanış olmayan içkinin adını görəndə düşündüm ki, bəs o əjdahadan bizdə niyə yoxdur?!
Nəhayət ki, əjdaha gəlib çıxdı. Gəlişi nə gəliş... Sanki əjdaha deyildi gələn....
Biraz “Mountain Dew”- nun reklamlarına nəzər saldım. Möhtəşəm roliklər çəkilib, Pikassonun, Van Qoqun əsərlərindən istifadə olunmuş roliklər də var.
Diqqətimi cəlb edən və hətta, özündə həbs edən (diqqətimi) roliklərini çox bəyəndiyim reklam rejissoru Kinka Uşerin çəkdiyi rolikdir. Rolikə burdan baxa bilərsiniz. Kinka Uşerin məşhur sözlərini xatırladım, -“Sizin rolikinizə baxmaq üçün insanlara səbəb verin”. Həqiqətən çox uğurlu alınıb və hər halı ilə məqsədinin “Mountain Dew”unu -(tərcüməsi, Dağ şehi və samoqon kimi verilə bilər, amma alkoqolsuz olduğunu nəzərə alsaq, yaradıcılarının brendin adını samoqondan deyil, dağ şehindən götürdüyünü təxmin etmək olar) bir brend kimi insanlara çatdırmaq və onların beynində adına- dadına uyğun yer tutmaq olduğu anlaşılır.
Bu cür rolikləri olan məhsulun bizim bazara çıxartdığı roliki görmək lazımdır. “Mountain Dew” içib zibilliyə düşən oğlan və mənasız sloqan- DYU et! Şübhələnirəm ki, bu Dyu et - “DO the Dew” sloqanının olduğu kimi tərcümə olunmuş variantıdır. Adaptasiya ilə tərcümənin fərqini öyrənəcəyimiz günə nəzir demişəm.
Uğursuz reklamdan sonra Xırdalanda baş verən zəhərlənmə hadisəsi sanki ikinci zərbə oldu. Müxtəlif mənbələrdən 2-17 uşaq zəhərlənməsi baş verdiyi haqqında xəbər bir andaca hər yerə yayıldı. Əlbəttə, orda olmamışam, “Mountain Dew”- unu analiz edən laboratoriyada da həmçinin. Bunun bir rəqib əli ilə edildiyini də söyləyə bilmərəm. Amma əvvəldə qeyd etdiyim kimi, mən sağ və salamatam. Bir təsadüf bu cür brendin taleyini korlamamalıdır. Yumşaq və az kalorili, alkoqolsuz içkilər arasında özünəməxsus yer qazanmış “Mountain Dew”-ya kömək aksiyası keçirib, hərəmiz bugüncə birini almalıyıq. Necə fikirdir?
P. S: Bank hesabımın nömrəsini göndərirəm “Pepsico”ya. Bu cür pr məqalə yazmışam. PULUMU VERİN! :)
Rəqabətin gözəgörünməz tərəfi
Posted On 5 нояб. 2007 г. at на 12:32 by Aygün İslamzadəSon günlər telekommunikasıyamızın iki nehenginin reklam çarxları efirə verildi. Məni ilk düşündürən hər iki şirkətin reklamının təxminən eyni günlərdə efirə getməsi və eyni vaxtda yenilik etməsidir, çünki, istər-istəməz insanda bunun düşünülmüş şəkildə baş verdiyi təəssüratı oyanır.
Birinci, Azercellin tizer reklami ilə gözümüzü yolda qoymuş “Onun sənə sözü var” rolikindən başlayım. Deyim ki, reklam yaxşıdır, sadə bir Heminqueysayağı şərh versəm, elə bil ki, tiramisu (kofe və şərabda isladılmış şokoladlı İtalyan biskviti, arasına da Maskarpone deyilən pendirdən qoyurlar) növündən bir keks idi, yəni çox əcnəbi və tez doyuran. Bir nəfər o rolikə iki dəfə baxsa, üçüncü dəfə çətin baxar. Həm də ki, çarxın bizdən hədsiz uzaq olduğu, heç bir doğma abu–hava əmələ gətirmədiyi konkret surətdə ortadadır. Mənim fikrimcə, Azercell marketinqə və reklama böyük miqdarda büdcə ayıran Azərbaycan şirkətlərindən biridir, həmin büdcəyə mən daha yaxşı rolik gözləyirdim. O ki qaldı, Maksimumun istifadəsinə, reklamın necə olmağına baxmayaraq, istifadəçilərin sayı çox olacaq, çünki belə hədiyyə paketindən hər kəs "az da olsa"-("bu çox azdır", oxunmalıdır) bəhrələnmək istəyəcək. Hələ Maksimuma qədər Azercellin marketinq siyasətinin necə olacağı haqqında çox düşünürdüm. Əmin idim ki, bu şirkət marketinq baxımından bəsit görünən ucuzlaşmaya əl atmayacaq, həm imicini qorumaq adına, həm də gəlirini azaltmamaq üçün. Hər zamankı kimi çox düşünülmüş və mükəmməl addım. Sadəcə məsələ ondadır ki, düşündükləri ancaq özləridir, nə deyim, kapitalizmin acı qanunlarından biri.
Bakcellin yastıqlarına keçək.. Bakcell əməlli xeyir iş gördü,texminen Azercellin "Bizdən-bizə" tarifinin imitasiyasını bazara çıxartdı, müqayisə etsək, Bakcellin qiymətləri ilə bu çox sərfəlidir. Hərçənd bunu çoxdan etməli idi, amma gec olmağı heç olmamağından yaxşıdır deyib üstündən keçmək lazımdır. Çarx isə həqiqətən komikdir, yastıqlarla konturların nə əlaqəsi var, yoxsa demək istəyirlər ki, biz sizin üçün yastığınız qədər vacibik. İlk dəfə roliki görəndə, düşündüm ki, bu hansı şirkətdir görəsən iki yastığa üçüncüsünü verir və gəlir baxımından bu xırda məsələni TV-yə verəcək qədər ağılsızdır. Tezliklə, məlum oldu ki, yastıq satışı ilə əlaqəsi yoxdur, Bakcellin sıradan reklamlarından biridir. Təəccübləndiyim budur ki, bütün dünya marketoloqları yerini müəyyənləşdir, “positioning” və s. bağırdıqları halda bu roliklər hardan meydana gəlir?
Reklamları biraz arxa planda qoyub, başqa mövzuya keçim. Qiymət rəqabəti deyə adlandırdıqları bu prosesi nə mən, nə əksəriyyət rəqabət kimi qəbul edə bilmirik. Kənardan baxdıqda vəziyyətin necə göründüyünü analiz edək, şəbəkədaxili ucuz tariflər yaratmaqla, bizim sağ cibimizdə bir telefon, sol cibimizdə başqa telefon gəzdirməyə şərait yaradırlar, sanki rəqabət deyil, bir növ gəlirin bölüşdürülməsi prosesi baş verir. Variantlar isə çoxdur, Nar və ya Catel də ola bilər, ərinmədən oturdum və neçə kombinasiyanın əmələ gəldiyini hesabladım, demək belə, əgər iki telefon istifadə olunsa, 6 fərqli kombinasiya əmələ gəlir. Mən əsla demirəm ki, bu düşünülmüş addımdır. Amma ki, Turkcellin tarif yumurtlayan toyugunun vaxtı çatmayıbmı? Bilməyənlərin nəzərinə, Turkcell artıq tarif seçmək işini abonentə həvalə etdi,və ya toyuğa, hələ özümçün bunu qərarlaşdıra bilməmişəm.:) İndi abonent hansı operatorla daha çox danışdığını hesablayır və buna görə tarifini seçir. Ən azından, bizim operatorlar bunu etməlidirlər, cibimizin ikisinə də deyil, birinə ağırlıq düşməsinin xətrinə.
Hə, bir də onu deyim ki, yazının müəllifi özüməm, məsuliyyətini də özüm daşıyıram, blogum tamamile gunahsizdir. Axı, o körpədir, 1 ayı dünən tamam oldu.:) Təbrik edən olacaq?