Sosionikaya giriş və ya mənim yarım-tizerim:)

Yeni ilin ilk günlərində qar dənəciklərindən yazmışdım, onların unikallığını qeyd etmişdim. Bu dənəciklər doğrudan valeh edə bilir, kənardan bizə bənzər və ya hətta formasız görsənən dənəciklər əslində bir-birindən o qədər fəqrlənir ki, deyilənə görə eynisini tapmaq ümumiyyətlə mümkün deyil. Nə deyim Vallah, İlahinin qüdrəti.. Allah onları, o kiçicik dənəcikləri bu qədər fərqli yaradıbsa təsəvvür edin bizləri necə unikal yaradıb. İki eyni cür insan tapmaq olmaz. Bəzən bir cəmiyyət daxilində beyinləri yuyulmuş insanlarda belə o qədər fərq tapmaq olur ki. İnsanları öyrənməyə çalışırkən, onların beynində (düşündüm ki, qəlb məsələsi çox simvolikdir) dara dərinə yol alırkən bu qədər fərqlilik, unikallıq olurmu deyə təəccüblənməmək olmur. Ən şəxsiyyətsiz hesab elədiklərimizin belə bir birindən fərqli şəxsiyyəti var. Amma yenə də insan övladıyıq, elə bugün oxuduğum Selim Tuncerin son yazısına da istinadən deyə bilərəm ki, biz insanlar ta ibtidai icma quruluşundan bəri ilk olaraq gördüyümüz hər şeyi adlandırıb, sonra da kateqoriyalara bölmüşük və bəşəriyyət nə qədər ki var, bu davam edəcək. Bölgü prinsipi isə cəmiyyətin inkişafı ilə birbaşa bağlıdır.. Başlamışdıq qadın-kişi, güclü-zəif, gözəl-çirkin kimi bölgülərlə, amma bir zaman gəldi ki, insanlar üçün bu kifayət eləmədi, meydana astologiya, fizioqnomika və daha nələr nələr girdi. Anadan olduğu zamana və ya dodağının formasına görə insan haqqında fikir yürütmək şüurlu adama absurd görünə bilər, amma ehtiyac varmış demək, bu paraelmlər öz yerini tutdu və günümüzə qədər yaşamını davam elətdirdi. Cəmiyyət yerində durmadıqca bölgü tipləri də çoxaldı, daha çox kateqoriyalara bölünmə psixoanalizin yaranması ilə vüsət aldı. Temperament növləri, sosiogenlər, arxetiplər və daha nələr nələr...
Arxetiplər dedik də, indi burdan keçək Karl Qustav Yunqa. Freyd olmasa idi, bəlkə də psixoanalizin atası o olacaqdı, bəlkə də çox yaxın dostu Freydsiz o heç indi bildiyimiz Yunq da olmayacaqdı. Bunu bilmək olmaz. Məlum olan odur ki, seksuallığı və libidonu bu səviyyədə qiymətləndirən və özündən sonra gələcək yüz ildə seksual inqilabın səbəbkarı olan Freyd Yunqu kölgədə sırf bu açıqlamaları ilə qoyub. Amma dərinə getsək, Yunqun elmi işləri də misilsizdir. Freydin fikirləri bir qüdrətli WOMM (dildən dilə yayılan marketinqmi deyim, xəbərmi deyim) şəklində professional və adi insanlara arasında yayılmışdısa da, Yunq öz daha təvəzökar ideyalarının marketinqi ilə məşğul olmaq məcburiyyətində idi. Amma bunu deyim ki, yaxşı bacarmayıb, bayaqkı söhbətə qayıtsam, bəlkə də elə Freydin dostu olmağı onu bu şəkildə bizə tanıtdırıb, çünki Yunq bir dahi psixoanalitik olubsa da, marketoloq kimi bacarıqsız olub.
İnsanların bir-birindən asılılığı da ayrı fenomendir. Məsələn elə Yunq-Freyd münasibətləri, Freydin yanında Yunq kimi bir dahi fərqli düşündüyünü söyləmək iqtidarında belə olmayıb, səbəb isə düşündüyünün səhv olması deyil, mental bir səviyyədə onu incitməmək duyğusudur. Yunqu qoyaq bir kənara, amma mütləq və mütləq ona qayıtmaq şərtilə. Yunqun Freyddən çəkindiyi kimi sizin də çəkindiyiniz insanlar olmurmu? Statusundan asılı olmayaraq və ya vəzifəsindən. Bəzi insanların yanında özünü yığışdırmaq, olduğundan fərqli görsənmək hissi keçmirmi ürəyinizdən? Bəzi insanlara olduqca rahat münasibət, bəzilərinə isə anlamadıgınız, ifadə edə bilmədiyiniz həsəd olmurmu? Kiməsə özünüzü dəhşətli dərəcədə oxşatmaq hissi sizdə əmələ gəlmirmi? Əgər bütün suallara “Xeyr” cavabı verəcəksinizsə, sadəcə özünüzü tanımırsınız.. Özünüzü tanımağa cəhd ola bilsin heç etməmisiniz.. Bu insan beyni adlı dəryaya düşməmisiniz, heç orda boğulmaq təhlükəsi ilə qarşılaşmamısınız.
Amma illər əvvəl mən bu sualı özümə verirdim, əsasən niyə bəzi adamlara simpatiyamın olduğu, niyə bu qədər təbii olsam da bəzi adamların yanında bunu tamamən itirirəm, niyə Puşkini oxuyanda mənə elə gəlir ki, mən yazmışam onun yazdıqlarını, niyə onun az qala öz prototipi şəklində verdiyi Oneginlə bu qədər bənzərəm. Niyələr çox idi, ta ki sosionika adlı bir elmlə tanişlığa qədər. Sosionika psixologiyanın bir qoludur.. Paraelmlərdən fərqli olaraq onun elmi özülü var. Yenə də Yunqun dərrakəsi.. Amma Yunqun müasir tipləşdirməyə baxışı, sosionikanın necə əmələ gəldiyi, tiplər necə və nə cür bölündüyü, bu yazı niyə görə yazıldığı və s. gələn yazımda..Tizerləri sevirəm də, bu da oldu sizə yarim-tizer!

Posted in Ярлыки: | 21 коммент.

Manqurtlaşdırabildiklərimizdənsinizmi?

Düşünürdüm qanımı heç nə qaralda bilməz, geridə qoyacam cəmiyyət dərdi filan çəkməyi. Tolerant münasibət yaradacam özümdə haqsızlıqlara, xüsusən də mənə qarşı deyilsə. Amma bir yerə qədərmiş. Bu gün öyrəndim ki, ali məktəblərə imtahan siyahısından üçüncü qrup istisna olmaqla, bütün qruplardan ədəbiyyat fənnini çıxarıblar. Ədəbiyyat.. Biz ədəbiyyatimızda tariximizi görürük, özümüzü gorürük. Amma kimlərinsə kefinə düşüb və o ixtisara salınıb.
Nəzərə almayıblar ki, bizim şagirdlər dünya görüşü qazanmaq əvəzinə ali məktəbə daxil olmaq həvəsilə bir neçə fənn oxuyurlar sadəcə. Nəzərə almayıblar ki, bu günə qədər hər imkan ələ düşəndə təhrif edilən tariximizi heç kəsə sübut edə bilmiriksə də, bizim bir köklü xalq kimi köklü ədəbiyyatımız var, amma gənc nəsil öyrənmədən nəyə yarar ki. Nəzərə almayıblar Nizaminin sakit həyat tərzini onun əsərlərindən, Füzulinin sufi fəlsəfəsini onun qəzəllərindən, Nəsiminin iradəsini onun şerlərindən, Sabirin xalqı düşünməyini onun satiralarından öyrənməyəndən sonra daha hansı millətçilikdən söhbət gedə bilər.
Yazımın əvvəlini oxudum. Əcəba mən də manqurtlaşdırılabilənlərə çevrilmək üzrəyəmmi??

Posted in Ярлыки: | 15 коммент.